BAKI, 24 noyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə noyabrın 24-də telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Ukrayna ətrafında vəziyyət, o cümlədən ABŞ-nin irəli sürdüyü sülh tələbləri müzakirə olunub.
Vladimir Putin ABŞ-nin təqdim etdiyi təkliflərin Alyaskada keçirilmiş Rusiya-ABŞ yüksək səviyyəli görüşündə aparılan müzakirələrə uyğun gəldiyini bildirib. O, sözügedən variantların Ukrayna üzrə yekun sülh razılaşmasının əsasını təşkil edə biləcəyini vurğulayıb.
V. Putin söhbət zamanı Rusiyanın Ukrayna böhranının siyasi-diplomatik yolla həllində maraqlı olduğunu bir daha təsdiqləyib. Rusiya lideri ABŞ-nin təqdim etdiyi təkliflərin mövcud formada razılaşma üçün əsas ola biləcəyini xüsusi qeyd edib.
Qeyd edilib ki, Prezident Ərdoğan da Ukrayna istiqamətində vasitəçilik göstərməyə hazır olduğunu və danışıqlar üçün İstanbul platformasını təqdim edə biləcəyini bildirib. Tərəflər Ukrayna məsələsi üzrə Rusiya-Türkiyə təmaslarının müxtəlif səviyyələrdə aktivləşdirilməsi barədə razılığa gəliblər.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı G20 sammitinə səfərinin nəticələri və orada iştirak edən bir sıra ölkələrin liderləri ilə keçirdiyi görüşlərlə bağlı təəssüratlarını Putinlə bölüşüb.
Putin və Ərdoğan müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.