BAKI, 21 noyabr. TELEQRAF
İran ABŞ ilə nüvə proqramına dair razılaşma əldə etməyə hazırdır, lakin bu anlaşma hər iki tərəfin maraqlarını nəzərə almalı və balanslı şəkildə hazırlanmalıdır.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “The Economist” jurnalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Tehran dialoqa açıqdır, lakin diktə olunan şərtləri qəbul etməyəcək.
“Ədalətli və balanslı, birtərəfli olmayan anlaşmaya açığıq. Məsələ də bundadır”, - Əraqçi bildirib.
O həmçinin açıqlayıb ki, iyun ayında baş vermiş 12 günlük müharibədən əvvəl Tehran və Vaşinqton arasında beş raund danışıqlar keçirilib. Görüşlərdə ABŞ nümayəndə heyətinə prezidentin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.
Əraqçinin sözlərinə görə, tərəflər o zaman çox yaxşı kompromisə yaxın olsalar da, İsrailin ABŞ dəstəyi ilə apardığı sonrakı müharibə bu prosesi faktiki olaraq dayandırıb.