BAKI, 16 noyabr. TELEQRAF
Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ-nin sanksiya hədələri fonunda "Serbiya Neft Sənayesi" (NIS) şirkətinin millilələşdirilməsinin yolverilməz olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
A. Vuçiç qeyd edib ki, rəsmi Belqrad hər hansı konfiskasiya və ya əmlakın müsadirəsindən qaçmağa çalışır:
“Biz heç kimdən nəyisə almaq istəmirik. Şirkətin əsas hissəsi Rusiyaya məxsusdur, qərarı onlar verməlidir. Amma bizim də yaşamaq hüququmuz var”.
Prezident vurğulayıb ki, Rusiyanın şirkətdəki payla bağlı danışıqlar aparması üçün daha yeddi gün vaxtı var.
Qeyd edək ki, ABŞ "Serbiya Neft Sənayesi"nə (NIS) tətbiq olunan sanksiyaların götürülməsi üçün şirkətdəki Rusiya payının çıxarılmasını tələb edib.
Xatırladaq ki, 2025-ci ilin yanvarında keçmiş ABŞ Prezidenti Co Bayden administrasiyası NIS şirkətinə qarşı sanksiyalar tətbiq edib və məhdudiyyətlər oktyabrın əvvəlində qüvvəyə minib.