BAKI, 12 mart. TELEQRAF
Çin Yaponiyanın militarizm siyasətinə qayıtmasının ciddi nəticələrə səbəb ola biləcəyi barədə Tokioya xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə RT Çin Müdafiə Nazirliyinin nümayəndəsi Tsyan Binə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Yaponiya militarizm siyasətinə qayıdaraq Çinə qarşı aqressiya nümayiş etdirərsə, Tokio sarsıdıcı cavab zərbəsi ilə üzləşəcək.
“Yapon tərəfini xəbərdar edirik ki, döyüşkən militarizm yoluna qayıdış özünü məhv etməkdən başqa heç nəyə gətirib çıxarmayacaq”, - deyə Tsyan Bin bildirib.
Bundan əvvəl Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Can Syaoqan da bəyan etmişdi ki, Yaponiya “Çin təhlükəsi” barədə mif yaradaraq bunu ölkənin yenidən hərbiləşməsi və nüvə silahı əldə etmək planlarını gizlətmək üçün istifadə edir.
Məlumata görə, Yaponiyanın baş naziri Sanae Takaici ölkə ərazisində ABŞ-nin nüvə silahlarının yerləşdirilməsini dəstəkləyir.
Keçmiş müdafiə naziri Gen Nakatani isə Yaponiyada nüvə silahının yaradılması çağırışlarını tənqid edib.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara isə bildirib ki, Tokio üç qeyri-nüvə prinsipinə sadiq qalmaq siyasətini davam etdirir.