BAKI, 12 mart. TELEQRAF

ABŞ kəşfiyyat orqanları hesab edir ki, İran rəhbərliyi ölkə üzərində nəzarəti hələ də saxlayır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ kəşfiyyatının məlumatlarında İran rəhbərliyinin böyük ölçüdə bütöv qaldığı və yaxın vaxtlarda hakimiyyətin süqutunun gözlənilmədiyi qeyd olunur. Bu qiymətləndirmə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda aparılıb.

Məlumatda qeyd edilir ki, Amerika xüsusi xidmət orqanlarının hesabatlarında İran hakimiyyətinin ciddi təhlükə ilə üzləşmədiyi barədə ardıcıl nəticələr yer alır.

Hesabatlara əsasən, İran rəhbərliyi ölkə üzərində nəzarəti saxlamaqda davam edir.

"Reuters" həmçinin yazır ki, İsrail rəsmiləri də İrana qarşı hərbi əməliyyatın ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxaracağına tam əmin deyillər.