BAKI, 12 mart. TELEQRAF

İraq sahillərində hücuma məruz qalan iki neft tankeri Malta və Marşal adaları bayraqları altında üzürdü.

Teleqraf xəbər verir ki, bu barədə İraq Dövlət Neft Marketinq Şirkətinin (SOMO) yaydığı məlumatda bildirilib.

Məlumata görə, Marşal adaları bayrağı altında üzən SAFESEA VISHNU tankeri SOMO tərəfindən icarəyə götürülüb. Malta bayrağı altında üzən ZEFYROS tankeri isə İraqın Basra Gas Company şirkəti üçün yük daşıyırdı.

Şirkət bildirib ki, tankerlərə edilən hücum ölkənin təhlükəsizliyinə və iqtisadiyyatına mənfi təsir göstərə bilər, həmçinin dəniz nəqliyyatının təhlükəsizliyi üçün ciddi risk yaradır.

SOMO vurğulayıb ki, hücumlar İraqın ərazi sularında baş verib.

İraq mediası daha əvvəl mina ilə təchiz edilmiş qayıqla toqquşma nəticəsində üçüncü tankerin də zərər gördüyünü bildirsə də, şirkət bu barədə məlumat açıqlamayıb.