BAKI, 12 mart. TELEQRAF
"Azərbaycan və Ermənistan arasındakı sülh bütün region üçün yeni imkanlar açır".
Teleqraf xəbər verir ki, bunu gürcü siyasətçi, 2001-ci ildən 2008-ci ilə qədər Gürcüstan parlamentinin sədri vəzifəsini tutmuş Nino Burcanadzе XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Forumun əhəmiyyətini vurğulayan N. Burcanadze Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakının və onun yürütdüyü balanslı siyasətin bölgə üçün xüsusi çəkiyə malik olduğunu qeyd edib.
N.Burcanadze bildirib ki, müasir dünyada siyasi təcrübəyə əsaslanan qərarlar hər zamankından daha vacibdir:
“Xüsusilə İran ətrafında və geniş regionda baş verən mürəkkəb proseslər fonunda sülhün əldə olunması əsas prioritet olmalıdır”.
Onun sözlərinə görə, nə qədər çətin olsa da, münaqişələri sonlandıracaq və uzunmüddətli sülhün təməlini qoyacaq həll yolları tapılmalıdır.
Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə toxunan keçmiş spiker tərəflər arasındakı münasibətlərin artıq keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini məmnuniyyətlə vurğulayıb:
"Bu münasibətlərin sabit və dinc şəkildə möhkəmlənməsi təkcə Azərbaycan və Ermənistana deyil, həm də Gürcüstan daxil olmaqla bütün regiona böyük iqtisadi və siyasi faydalar gətirəcək. Mən bu prosesin dinamik inkişafını və regionda davamlı sülhün bərqərar olmasını səmimi qəlbdən arzulayıram".