BAKI, 17 oktyabr. TELEQRAF

Rusiya ilə Alyaskanı birləşdirəcək tunel tikilməli və onu prezidentlər Vladimir Putin və Donald Trampın adları ilə adlandırmaq lazımdır.

Teleqraf xəbər verir ki, bu təklifi Rusiya Federasiyası Prezidentinin iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RFPI) baş direktoru Kirill Dmitriev tərəfindən səsləndirilib.

Dmitriev “X” sosial şəbəkəsində yazıb ki, RFPI artıq Rusiya ilə Çin arasında dəmir yolu körpüsünə investisiya yatırıb və onun tikintisini həyata keçirib.

“İndi daha böyük addım atmağın vaxtıdır. Bəşər tarixində ilk dəfə qitələri birləşdirmək. Rusiyanı və ABŞ-ni birləşdirməyin vaxtı çatıb”, - o qeyd edib.

Onun hesablamalarına görə, tunelin standart üsullarla tikintisi təxminən 65 milyard dollar tələb edə bilər, lakin müasir texnologiyaların tətbiqi xərcləri 8 milyard dollara qədər azalda bilər.