BAKI, 8 oktyabr. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron parlamentin hər iki palatasının sədrləri Yael Braun-Pive və Jerar Larşeni qəbul edib.
Teleqraf xəbər verir ki, görüşlər Yelisey sarayında baş tutub və tərəflər ayrı-ayrılıqda qəbul edilib.
Fransa Konstitusiyasının 12-ci maddəsinə əsasən, prezident Milli Assambleyanı buraxmaq niyyətindədirsə, əvvəlcədən parlament rəhbərləri ilə məsləhətləşməlidir. Görüşün məqsədi barədə rəsmi açıqlama verilməyib.
Bununla yanaşı, Sosialist Partiyasının lideri Olivye Fore bildirib ki, partiya sabiq baş nazir Sebasten Lekornunun dəvəti ilə çərşənbə günü Matinyonda danışıqlara qatılacaq.
Fransanın ifrat sağçı liderləri Marin Le Pen və Jordan Bardella isə hökumət nümayəndələri ilə danışıqlarda iştirakdan imtina edib və siyasi böhranın yeganə həll yolunun növbədənkənar seçkilər olduğunu vurğulayıblar.