BAKI, 17 sentyabr. TELEQRAF
Ukraynanın Ali Radası Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında yüzillik tərəfdaşlıq sazişini ratifikasiya edib.
Teleqraf xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Bildirilir ki, sazişin ratifikasiyası bütün daxili prosedurların tamamlanmasına və müdafiə, təhlükəsizlik, ticarət-iqtisadiyyat, enerji, təhsil, elm, mədəniyyət, sosial və miqrasiya sahələrində, həmçinin ədliyyə və informasiya təhlükəsizliyi üzrə əməkdaşlığın gücləndirilməsinə imkan verəcək.
Saziş tərəflərin daxili prosedurlar barədə sonuncu bildirişi təqdim etdikləri tarixdən qüvvəyə minəcək. Sənəd, həmçinin Baltik, Qara və Azov dənizlərinin təhlükəsizliyini möhkəmləndirmək, Rusiya təcavüzünün qarşısını almaq üçün yeni struktur yaratmaqla dəniz təhlükəsizliyi sahəsində hərbi əməkdaşlığı gücləndirməyi nəzərdə tutur.
Bundan əlavə, sənəd səhiyyə, aqrotexnologiya, kosmik və pilotsuz texnologiyalar üzrə tərəfdaşlığın inkişafını, təhsil layihələrinin təşviqini, eləcə də mütəxəssislərin bir araya gətirilməsini nəzərdə tutur.
Xatırladaq ki, sənəd yanvarın 16-da Kiyevdə prezident Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən imzalanıb. Müqavilə Ukraynaya gələcəkdə hərbi yardımın göstərilməsini də nəzərdə tutur.