BAKI, 1 sentyabr. TELEQRAF

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 800-ə çatıb, 2500 nəfər yaralanıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid mətbuat konfransında bildirib.

"Hazırda yerli hakimiyyət orqanları və əyalət sakinləri qurbanların xilas edilməsi ilə məşğuldur. Mərkəzdən və qonşu əyalətlərdən olan xilasetmə qrupları da dağıntı ərazisinə gedir", - Mücahid deyib.

***

09:35

Əfqanıstanın şərqində baş vermiş zəlzələ nəticədə 500-dən çox insan həlak olub, minlərlə insan yaralanıb, Kunar və Nangarharda xilasetmə əməliyyatları aparılır.

Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstan mətbuatı məlumat yayıb.

****

07:52

Əfqanıstanda baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində azı 250 nəfər ölüb, 500 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “NBC News” hakimiyyət orqanlarına istinadən xəbər verir.

“Zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün insan tələfatı və infrastruktura dəyən ziyan haqqında dəqiq məlumat əldə etmək üçün vaxt lazımdır”, - deyə telekanal Əfqanıstan Səhiyyə Nazirliyinin mətbuat katibi Şərafət Zamana istinadən məlumat yayıb.

***

05:54

Əfqanıstanın şərqində, Pakistanla sərhədə yaxın ərazidə Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Geologiya Elmləri Araşdırma Mərkəzi məlumat yayıb.

Xəbərdə bildirilir ki, təbii fəlakət zamanı azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb.

Həlak olanların əksəriyyəti Nanqarhar əyalətində, xüsusilə də paytaxt Kabildən təxminən 119 km məsafədə yerləşən Cəlalabad şəhərində qeydə alınıb. İlk zəlzələnin episentri 14 km dərinlikdə yerləşib.

Təxminən 20 dəqiqə sonra həmin əyalətdə 4,5 bal gücündə ikinci təkan, daha sonra isə təxminən 10-14 km dərinlikdə 5,2 bal gücündə daha bir zəlzələ baş verib.

Yerli hakimiyyət orqanları dəymiş ziyanı qiymətləndirir və infrastrukturun, o cümlədən yaşayış binalarının və yolların vəziyyətini yoxlayır.

Bölgə sakinləri divarların uçduğunu və binalarda çatların yarandığını, zərərçəkənlərə təcili yardımın lazım olduğunu bildirirlər.

Seysmoloqlar bölgədə ehtimal olunan yeraltı təkanlar barədə xəbərdarlıq edirlər.