BAKI, 23 avqust. TELEQRAF

Avropa İttifaqına (Aİ) üzvlük Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin vacib elementi ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyində dərc olunmuş məqalədə deyilir.

Müəlliflər hesab edirlər ki, sırf iqtisadi üstünlüklərdən əlavə, Aİ-yə üzvlük həm də təhlükəsizlik sahəsində müəyyən faydalar vəd edir, çünki bu təşkilat qarşılıqlı müdafiəni də nəzərdə tutur.

"Avropa İttifaqı Müqaviləsinin 42.7-ci maddəsi müəyyən edir ki, əgər təşkilata üzv dövlət silahlı təcavüzə məruz qalırsa, digər Aİ ölkələri ona bütün mümkün vasitələrlə kömək etməyə borcludurlar”, - nəşr yazır.

Jurnalistlər bunu hətta NATO-dan daha yaxşı variant hesab edirlər, çünki Şimali Atlantika Müqaviləsi Təşkilatının nizamnaməsi öz üzvlərini müttəfiqə kömək etmək üçün onların özlərinin zəruri hesab etdikləri tədbirləri görməyə məcbur edir. Aİ haqqında saziş isə üzvlərdən bütün mümkün vasitələrdən istifadə etməyi tələb edir.

Aİ-nin qarşılıqlı müdafiə bəndi indiyə qədər başqa bir dövlət tərəfindən hərbi hücum şəraitində heç vaxt sınaqdan keçirilməyib. Lakin 2015-ci ildə Fransa Parisdəki terror hücumlarından sonra onu tətbiq edib.

Bununla belə, bütün bunlar üzvlük şərti ilə mümkündür ki, Ukraynanın bu istiqamətdə irəliləməsi hələ bir neçə il vaxt apara bilər.