BAKI, 10 avqust. TELEQRAF
Ukrayna prezidenti Volodimir Zelenski böyük ehtimalla Vladimir Putin və Donald Trampın görüşü zamanı Alyaskada olacaq.
Teleqraf xəbər verir ki, "CNN"-in Ağ Evdəki iki mənbəyə istinadən yaydığı məlumata görə, Tramp hər üç liderin iştirakı ilə üçtərəfli sammitə açıqdır.
Lakin mənbələrdən birinin bildirdiyinə görə, Ağ Ev hazırda Putinin xahişi ilə ikitərəfli görüşə hazırlaşır. Bununla belə, Zelenskinin Alyaskadakı bəzi tədbirlərdə iştirak imkanları da istisna edilmir. Ağ Ev rəsmisinin sözlərinə görə, Ukrayna prezidenti ilə istənilən danışıqlar yalnız Putin–Tramp görüşündən sonra baş tuta bilər.
Qeyd edək ki, Donald Tramp dünən “Truth Social” sosial şəbəkəsində 15 avqustda Alyaska ştatında Putinlə görüşəcəyini açıqlayıb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da bu məlumatı təsdiqləyərək, liderlərin əsas müzakirə mövzusunun Ukraynada münaqişənin uzunmüddətli həlli yolları olacağını bildirib.
Vladimir Zelenski isə “Telegram” kanalında görüşə münasibət bildirərək, Ukrayna ilə bağlı məsələlərin Kiyevin iştirakı olmadan həll edilə biləcəyindən narahatlığını ifadə edib. O vurğulayıb ki, Ukraynanın iştirakı olmadan qəbul edilən istənilən qərar həm də sülh əleyhinə qərardır.