BAKI, 15 may. TELEQRAF
Bu gün Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətləri arasında görüş olacaq.
Teleqraf TASS-a istinadən xəbər verir ki, danışıqlar Türkiyə Prezidentinin İstanbuldakı rəsmi ofisi olan Dolmabahçe Sarayında keçiriləcək.
Görüşün saat Bakı vaxtı ilə 11:00-da başlaması planlaşdırılır. Danışıqlar mətbuat üçün qapalı olacaq.
Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək. Heyətə Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsi rəisinin müavini Vitali Şevtsov daxil edilib.
Rəsmi Kiyevi isə danışıqlarda xarici işlər naziri Andrey Sibiqa, Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov, Prezidentin müşaviri İqor Jovkva təmsil edir.
Qeyd edək ki, tərəflər arasında son görüş 2022-ci ilin mart ayında İstanbulda keçirilmişdi.