Amerika mediası bu ölkədə yaşayan dünya şöhrətli ürək cərrahı, professor Mehmet Özü qaralamağa start verib.
Teleqraf.com xatırladır ki, türk professor ABŞ-ın sabiq prezidenti Donald Trampın təklifi ilə bu ölkədə keçiriləcək Konqres seçkilərinə Respublikaçılar Partiyasından Pensilvaniya ştatının namizədidir.
“The Daily Beast”in məlumatına görə, Pensilvaniya ştatının Respublikaçılar Partiyasından ştat senatoru vəzifəsinə namizədliyini irəli sürən Özün Nyu Cersidə əvvəllər elan olunmamış evi olduğu üzə çıxıb.
Media Özə yaxın olan və erməni soyqırımı iddialarını təkzib edən bir ailənin evdə qaldığını yazıb.
İddialara görə, Öz 2006-cı ildən bəri aldığı bu evi qaydalara uyğun olaraq namizəd kimi aprel ayında təqdim etdiyi mallar siyahısına əlavə etməyib.
Özün yeni üzə çıxan evində “Atatürkün Mirası” adlı dərnəyi idarə edən Necmiye Kacaroğlu və ailəsinin yaşadığı bildirilir.
Xəbərdə bildirilir ki, Öz və Kacaroğlu ailəsinin birlikdə qatıldığı Amerika Türk Toplumları Dərnəyi ABŞ-da soyqırımı iddialarına qarşı ciddi mübarizə aparır. Mehmet Özün də erməni soyqırımı iddialarını tanımadığı qeyd edilib. Türkiyə vətəndaşlığı və müsəlman kimliyi ilə ABŞ-da tənqid hədəfinə çevrilən Özün sərvəti bu ilin əvvəlində açıqlanıb.