İranın bir neçə gün əvvəl ictimaiyyətə təqdim etdiyi yeni “Kövsər” qırıcı təyyarəsi ilə bağlı yeni faktlar üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, İran müdafiə sənayesi istehsalı olduğu bildirilən “Kövsər”in 1960-cı illərdə ABŞ-da istehsal edilmiş “F-5” qırıcılarla eyni olduğu iddia edilib.

Qırıcının təqdimat mərasimi avqustun 21-də Prezident Həsən Ruhaninin iştirakı ilə keçirilib. Mərasimdə qırıcının ölkədə və yerli müxəssislər tərəfindən istehsal edildiyi bildirilib.

Lakin təqdimatdan az sonra ABŞ KİV-də “Kövsər”lə bağlı ilginc iddialar ortaya atılıb.

İran prezidentinin təqdim etdiyi “Kövsər”in 1960-cı illərdə ABŞ-da istehsal edilmiş “F-5” qırıcıları ilə eyni olduğu qeyd edilib.

İran şahı Məhəmmədrza Pəhləvi dönəmində - islam inqilabından 5 il əvvəl, 1974-cü ildə bir neçə “F-5” təyyarəsi alınaraq, İran ordusunun arsenalına daxil edilib.

Amerikalı mütəxəsislər İran tərəfinin həmin qırıcıları rəngləyərək ictimaiyyəti aldatdıqlarını bildirirlər.