BAKI, 12 mart. TELEQRAF

İranın yeni Ali rəhbəri Müctəba Xamenei xalqa ilk müraciətini edib.

Teleqraf xəbər verir ki, müraciət yerli KİV-də yazılı formada yayımlanıb.

İran lideri bildirib ki, Tehran qonşuları ilə dostluğa inanır və yalnız bu ölkələrdəki ABŞ bazalarına hücum edir:

“Bu yaxınlarda ABŞ hərbi bazalarına zərbələr endirdik və xəbərdarlıq etdiyimiz kimi, qonşu ölkələrə hücum etmədən sadəcə bu bazalara hücum etdik. Qonşularımızla dostluğa inansaq da, gələcəkdə bu hərəkətləri davam etdirməyə məcbur olacağıq”.

O, bəzi qonşu ölkələri ABŞ bazalarını bağlamağa çağırıb:

“Onlara ABŞ-nin təhlükəsizlik və sülhün qorunması ilə bağlı iddialarının yalandan başqa bir şey olmadığını artıq başa düşdükləri üçün Amerika bazalarını mümkün qədər tez bağlamağı məsləhət görürəm”.

Ölkə başçısı söyləyib ki, İran hücumlar zamanı vurduğu ziyana görə ABŞ-dən təzminat tələb edəcək:

“Vurğulamaq vacibdir ki, istənilən halda düşməndən təzminat tələb edəcəyik. Əgər onlar imtina etsələr, zəruri hesab etdiyimiz qədər əmlaklarını alacağıq. Əgər bu mümkün olmasa, onlara da oxşar zərər vuracağıq”.

Müctəba Xameneinin sözlərinə görə, İran müharibə zamanı həlak olanların qisasını almaqdan çəkinməyəcək:

“Şəhidlərimizin qan intiqamını almaqdan vaz keçməyəcəyik. Planlaşdırdığımız qisas yalnız inqilabın böyük liderinin (Əli Xamenei) şəhidliyi ilə məhdudlaşmır. Düşmən tərəfindən öldürülən millətimizin hər nəfəri ayrıca qisas səbəbi olacaq. Əlbəttə, bu qisasın bir issəsi artıq alınıb, amma bu iş başa çatana qədər bu məsələ prioritet olaraq qalacaq”.

Hörmüz boğazı ilə bağlı durumla əlaqədar isə bəyan edib ki, İran bu su yolunu bağlamaq qabiliyyətini qorumalıdır: “Əlbəttə, Hörmüz boğazının blokadasından istifadə davam etdirilməlidir. Digər cəbhələrin açılması üçün də araşdırmalar aparılır”.