BAKI, 20 may. TELEQRAF
2026 Avropa çempionatının gümüş, Paris-2024 Yay Paralimpiya Oyunlarının bürünc medalçısı parataekvondoçu Sabir Zeynalov Teleqraf-a müsahibə verib.
Gənc idmançı Avropa çempionatındakı çıxışı, medal yolunda keçdiyi çətin mərhələlər və bu uğurun karyerasındakı önəmi barədə danışıb.
- Sabir bəy, idmana necə başlamısınız?
- Qolumu itirdikdən sonra idmana başladım. Uşaq vaxtı məhlədə oyun oynayanda yıxıldım, qolum sındı. Axşam vaxtı idi, məcburiyyətdən sınıqçıya getməli olduq. Sınıqçıda gipsi bərk sıxdıqları üçün 3 gündə qolum qanqrena verdi və amputasiya olundum.
- Bəs necə qərar verdiniz ki, taekvondoçu olacaqsız?
- Həmin dövrdə 2-3 ay xəstəxanada yatdım. O vaxt ibtidai sinfi bitirirdim. Şəxsi məşqçim Vüqar Şükürov həmin məktəbdə bədən tərbiyəsi və idman müəllimi idi. Mən də həmin dərsə girmişdim. O zamanlar yaram təzə olduğuna görə protez taxmırdım. O, məni gördü, yanına çağırdı. Parataekvondo ilə məni tanış etdi. Hətta mənə köhnə parataekvondoçuların videolarını da göstərdi. Məndə idmana həvəs yarandı.
Gəldim evə, ailəmlə məsləhətləşdim. Onlar da sağ olsunlar, məni qırmadılar, idmana olan həvəsimi görüb məni dəstəklədilər.
- Avropa çempionatında gümüş medal qazanmaq necə hissdir?
- Çox məyusam. Çünki Almaniyaya yollananda hədəfim qızıl medal idi. Buna görə çox yaxşı hazırlaşmışdım. Baş məşqçimiz sağ olsun, onun üzərimdə əziyyəti danılmazdır. Yığma komandanın məşqlərində Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Təəssüflər olsun ki, 1.88-ci saniyədə gözlənillməyən bir xal çıxdı.
Rəqibim də çox güclü idi. Paris Paralimpiya Oyunlarının çempionu ilə qarşı-qarşıya idim. Buna baxmayaraq, onu daha əvvəl başqa yarışlarda məğlub edə bilmişdim. Burda da məğlub etməyimə az qalmışdı ki, barmağının ucu ilə sürtən zərbə rəqibə xal qazandırdı. Buna görə bir az məyusam.

- İki həftə sonra Qran-pridə iştirak üçün Roma şəhərinə yola düşəcəyik. Bu turnirə dəvət almaq üçün dünya reytinqində ilk “onluq”da olmaq lazımdır. Romadan da Almaniyaya yollanacağıq.
- Tatamiyə çıxmazdan əvvəl sizi döyüşə kökləyən əsas fikir nə olur?
- Mən ciddiyə aldığım yarışları adətən uduzuram (gülür). Ancaq hər şeyi axarına buraxanda, sadəcə özüm kimi qalmalı olduğumu düşünəndə hər şey çox yaxşı qurtarır. Həmişə belə olub. Nə vaxt fikirləşmişəm ki, ciddi olmalıyam, döyüşə bilməmişəm. Rahat olanda başqa...
- Parataekvondo fiziki güclə yanaşı böyük psixoloji dözüm tələb edir. Bunun necə bacarırsız?
- Fikrimcə, bütün idman növlərində ən önəmlisi psixologiyadır. İdmançının psixologiyası güclüdürsə, dözümü artır. Məsələn, mən 3-cü raundda çox geri düşmüşdüm. Rəqibim həm sürətli, həm də güclü idi. Olimpiya çempionu və texnikalı döyüşçü idi. Baş məşqçimiz də elə anlarda mənə köklənir, istiqamət verir ki, özümü itirməyim. Döyüşə 1 dəqiqə qalmış özümü toparlamalıyam ki, məğlub olmayım.
Baş məşqçimiz Fərid Tağızadə bizimlə psixoloji söhbətlər aparır bu yöndən mənə çox yaxşı motivasiya verir. Ona öz təşəkkürümü bildirirəm.
- Bu idman növü sizə nə qazandırıb?
- Yaxşı dostlar qazandırıb. Mənim böyük ailəm var - parataekvondo ailəm.
Həmçinin mənə özümü daha yaxşı ifadə etməyi öyrədib bu idman növü. Qolumu itirdikdən sonra çox böyük kompleks yaşayırdım. Utanırdım, çəkinirdim. Hətta danışmaqda belə əziyyət çəkirdim. Sözümü çatdıra bilmirdim. Kəkələməyim var idi, çölə çıxmırdım.
İdmanı seçdikdən sonra həyatımda çoxlu yeniliklər oldu. Nəticələr əldə etdim, ailəmi, məşqçilərimi sevindirdim. Öz komplekslərimi aşıb irəli addımlamağı öyrəndim.

- Paralimpiya idmançısı olmaq sizə hansı məsuliyyəti hiss etdirir?
- Paralimpiya idmançısı olmaq gözəl bir şeydir. Mən paralimpiyaçı olduğuma görə həmişə subut etməyə çalışmışam ki, kimdənsə geri qalmamalıyam. Fiziki məhdudiyyətli digər uşaqların da idmana gəlmələrini çox istəyirəm. Bizə göstərilən dəstəyə görə Milli Paralimpiya Komitəsinə və Azərbaycan Taekvondo Federasiyasına təşəkkürümü bildirirəm.
- Tatamidən kənarda necə birisiniz? İnsanlar Sabiri necə tanıyır?
- Həmişə hər kəslə dil tapanam. Şən insanam. Yaxınlarım, dostlarım çoxdur. Ən yaxın dostum məşq yoldaşım, qardaşım, paralimpiya çempionumuz İmadəddin Xəlilovdur. Kənardan çox mülayim insanam. Döyüşdə çox səbrsiz, tatamidən kənarda çox səbirliyəm...

- 2024 Paris Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmışdınız. Bundan sonra həyatınız necə dəyişdi?
- Bu, mənə daha böyük məsuliyyət daşımalı olduğumu təlqin etdi. Özümdə yeni şeylər kəşf etdim. Anladım ki, daha çox şey bacara bilərəm. Bu olimpiadanın bürüncünü qızıla çevirə biləcəyimi düşündüm. Daha çox motivasiya qazandım. Yarışlara artıq Paralimpiya Oyunlarının mükafatçısı kimi qatılırdım. Bu, mənə çox böyük ilham verirdi. 19 yaşında Paralimpiya Oyunlarında ilk çıxışım idi və mən Vətənə mükafatla dönürdüm.
- Parisdən qayıdandan sonra Prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundunuz. Həmin anları necə xatırlayırsınız?
- Bunu ilk mənə baş məşqçimiz xəbər verdi. Daha sonra dostum İmadəddin zəng etdi. Çox sevindim. Mənim üçün çox böyük nəticədir. 19 yaşında cənab prezidentimiz tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni almaq qürurvericidir. Hər zaman çalışmışam Vətənimi layiqincə təmsil edim, bayrağımızı dalğalandırım. Tatamiyə çıxanda da hər zaman bunu fikirləşmişəm.
- Necə düşünürsünüz, Avropa çempionatında qızıl medal, yoxsa dünya və ya olimpiya çempionu olmaq?..
- Demək olar ki, parataekvondo üzrə bütün yarışlarda iştirak etmişəm. Hər yarışda da qızıl, gümüş və bürünc medalım var. Amma Olimpiadadan sonra beynimə qoymuşdum ki, bütün yarışlardan qızıl medal qazanmalıyam. Qızıl medal üçün finala gəlirəm, amma bəxtsizlik olur. Ya 1 xala, ya da 2 saniyəyə uduzuram.
Bu, çox çətin sualdır. Çünki idmançı üçün adi və kiçik görünən yarış belə çox önəmlidir. Bunun üçün çox əziyyət çəkirik, hər gün zalda oluruq. Ailəmizdən çox məşq yoldaşlarımızı görürük.
Seçim qarşısında qalsam Olimpiya qızılını seçərdim. Çünki o, daha böyük yarışdır. Hazırkı məqsədim hər 3 yarışda qızıl medal qazanmaqdır. Hər birinin mükafatçısı olmuşam, amma heç birinin qızıl medalını qazana bilməmişəm. İnşallah, onu da bacaracam.

- Ən böyük dəstəkçiniz kimdir?
- Ən böyük dəstəkçim valideynlərimdir. Əsas da anam. Bu yolda o, mənə çox kömək edib. Yığma komandaya dəvət olunanda yaşım az idi, məni məşqlərə anam aparıb gətirirdi. Ən böyük dəstəkçim odur. Uğurlarımı anama borcluyam.
- Valideynlərinizin münasibəti sizin idmançı kimi formalaşmağınıza necə təsir göstərib?
- Həm fiziki məhdudiyyəti olan, həm də olmayan gənclərə tövsiyəm odur ki, idmanla məşğul olsunlar. Təhsillərini daha yaxşı davam etdirsinlər. Çünki həyatda hər zaman çalışmaq, qarşıya məqsəd qoymaq lazımdır. Həmçinin fiziki məhdudiyyətli gənclərin valideynlərinə də burdan səslənirəm ki, uşaqlarınızı sıxmayın, onlardan utanmayın.
Mənim valideynlərim heç vaxt belə etməyiblər. Hər zaman mənə sərbəstlik veriblər. İdman baxımından heç vaxt məni əzizləməyiblər, amma mənə inanıblar. Ona görə ki, arxayınlaşmağımı istəməyiblər, əksinə uğur qazanmağım üçün dəstək olublar. Daha güclü olmağıma çalışıblar.
- Kumiriniz varmı?
- Kumirim elə özüməm (gülür)... Mənim ən yaxın dostum, məşq yoldaşım, 2024 Yay Paralimpiya Oyunlarının parataekvondo üzrə çempionu İmadəddin Xəlilovdur. O, mənə dost kimi, qardaş kimi çox yaxındır. Elə kumir kimi də özümə onu seçərdim. Mənim üçün ən önəmli olanı idmançının psixologiyasıdır. O, idmançı olaraq həm psixoloji, həm də fiziki baxımdan çox yaxşıdır.