BAKI, 26 mart. TELEQRAF
Azərbaycanlı UFC döyüşçüsü Tofiq Musayev keçirəcəyi növbəti döyüş öncəsi iddialı açıqlamalar verib.
Teleqraf xəbər verir ki, Musayev Rusiyanın "Sport24" nəşrinə müsahibəsində həm fiziki durumu, həm də gələcək hədəfləri barədə danışıb.
36 yaşlı döyüşçü karyerasının bu mərhələsində özünü mükəmməl hiss etdiyini bildirib: "Yaş mənim üçün sadəcə pasportdakı rəqəmdir. Özümü çox yaxşı və döyüşə tam hazır hiss edirəm. Çıxış etdiyim liqadan asılı olmayaraq, hər zaman məqsədim ən yüksək zirvəyə çatmaq və azarkeşlərimi sevindirməkdir. UFC-də də hədəflərim maksimumdur".
Müxbirin "Məqsədiniz kəmərdirmi?" sualına Tofiq Musayev qısa və konkret cavab verib: "İnşallah!".
Qeyd edək ki, Tofiq Musayev ABŞ-nin Sietl şəhərində baş tutacaq turnirdə çilili İqnasio Baxamondeslə qarşılaşacaq.