BAKI, 12 aprel. TELEQRAF

Azərbaycanın 3 yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Teleqraf xəbər verir ki, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) bu vəsiqəyə yiyələnib.

60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli 1/8-də litvalı Yustas Petraviçüsu, 1/4-də isə gürcüstanlı Amiran Şavadzeni 9:0 hesabı ilə məğlub edərək adını yarımfinal mərhələsinə yazdırıb. O, moldovalı Viktor Çobanla üz-üzə gələcək.

67 kq-da Həsrət Cəfərov ilk olaraq isveçrəli Andreas Feçə qalib gəlib - 8:0. Daha sonra 1/4 finalda gürcüstanlı Coni Xecuarinini 4:1 üstələyən Cəfərov yarımfinala yüksəlib. O, finala gedən yolda Türkiyə təmsilçisi Murat Fıratla qarşılaşacaq.

82 kq-da mübarizə aparan Qurban Qurbanov yarışa erməni Samvel Qriqoryanı 3:1 hesabı ilə məğlub etməklə başlayıb. Qurbanov 1/4 finalda Dünya Güləş Birliyi bayrağı altında çıxış edən İslam Aliyevi udub - 2:1. O, 1/2 finalda Gürcüstan təmsilçisi Qela Bolkvadze ilə münasibətlərə aydınlıq gətirəcək.

97 kq-da Murad Əhmədiyev təsnifat mərhələsində türkiyəli Beytulla Kayısdağı tam üstünlüklə (12:3) məğlub etsə də, 1/8-də litvalı Mindauqas Venkaitisə xalların keyfiyyətinə görə (5:5) məğlub olub.

72 kq çəki dərəcəsində yarışan Ülvü Qənizadə isə 1/8 finalda macarıstanlı Levente Levaya 4:6 hesabıyla uduzub.