
BAKI, 6 aprel. TELEQRAF
Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə böyüklər arasında keçirilən Avropa Kuboku yekunlaşıb.
Teleqraf xəbər verir ki, ikinci yarış günü Azərbaycan milli komandası üçün uğurlu alınıb. Cüdoçular 3 qızıl, 2 gümüş və 1 bürünc medala seviniblər.
Kişilərin mübarizəsində 90 kq-da çıxış edən Murad Fətiyev finalda Tokio Olimpiadasının gümüş mükafatçısı Eduard Trippelə (Almaniya) qalib gələrək çempion olub. Bu çəki dərəcəsində Vüqar Talıbov bürünc medalı boynundan asıb. Daha bir kişi cüdoçu Kərim Allahverdiyev isə 81 kq çəkidə gümüş medalın sahibi olub.
Qadınlar arasında 52 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Aydan Vəliyeva fəxri kürsünün birinci, Gültac Məmmədəliyeva isə ikinci pilləsinə qalxıb. 57 kq-da Fidan Əlizadə keçirdiyi dörd görüşün hamısında rəqiblərindən üstün olaraq millinin hesabına daha bir qızıl medal əlavə edib.
İlk yarış günündə Kamran Süleymanov (73 kq) və Nərmin Əmirli (78 kq) üçüncülüklə yadda qalmışdı.
Yekunda Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 3 bürünc medalla Avropa Kubokunda 39 ölkədə arasında birinci olub.