BAKI, 14 avqust. TELEQRAF

Prezident İlham Əliyev "Dövlət auditi" informasiya sisteminin (DAİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Teleqraf xəbər verir ki, fərmanla həmçinin "Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Hesablama Palatasına tövsiyə edilib ki, DAİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birlikdə DAİS-in ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə DAİS-in "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.

RİNN isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə ölkə Prezidentinin "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməli, qeyd olunan Əsasnamədəki məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməli, bu barədə dövlət başçısına məlumat verməlidir.

Əsasnamə DAİS-in fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

DAİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə bu Əsasnamədə qeyd olunan sənədlərin və məlumatların elektron mübadiləsi, avtomatlatlaşdırılmış emalı, verilənlərin auditi və təhlili vasitəsilə, kənar dövlət maliyyə nəzarətinin və büdcə prosesində iştirakdan irəli gələn fəaliyyətin təşkilinin səmərəliliyini, o cümlədən resurslara qənaət edilməsini, operativliyi və şəffaflığı təmin edir.

DAİS-in formalaşdırılmasının məqsədi Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti və büdcə prosesində iştirakından irəli gələn fəaliyyətinin keyfiyyətinin davamlı artırılması ilə dövlət maliyyəsinin idarə edilməsinə töhfə verilməkdən ibarətdir.

DAİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər dövlət mülkiyyətidir.

Fərdi məlumatların DAİS-də toplanılmasının və işlənilməsinin məqsədi Əsasnamədə qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların DAİS-də toplanılması, işlənilməsi və mühafizəsi "Fərdi məlumatlar haqqında" qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

DAİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

DAİS "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nda qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

Əsasnamə əldə olunması məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

DAİS-in sahibi və operatoru dedikdə Hesablama Palatası, iştirakçısı dedikdə Əsasnamədə nəzərdə tutulmuş informasiya proseslərində iştirak edən "Hesablama Palatası haqqında" qanunda müəyyən edilən kənar dövlət maliyyə nəzarəti obyektləri nəzərdə tutulur.

Əsasnamədə istifadə olunan anlayışlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda, Qaydalarda, həmçinin digər normativ hüquqi aktlarda müəyyən edilmiş mənaları ifadə edir.