BAKI, 20 mart. TELEQRAF

Prezident İlham Əliyev dövlət sektorunda əmək haqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb. Sənəd dövlət idarəçiliyində aparılan institusional islahatların davamlılığını, dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmilləşdirilməsini və eləcə də optimal və balanslı şəkildə həyata keçirilməsini nəzərdə tutur.

Teleqraf-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, əmək haqqı sisteminin təkmilləşdirilməsində əsas məqsəd dövlət qurumlarında maaşların müəyyənləşdirilməsində vahid və sistemli yanaşmanı həyata keçirməkdir.

Onun sözlərinə görə, bu maaşların optimallaşdırılaraq artırılmasına səbəb olmaqla yanaşı, dövlət qurumlarında şəffaflığın daha da yüksəlməsinə və qərarların qəbulunda çevikliyin artmasına gətirib çıxaracaq.

İqtisadçı hesab edir ki, eyni zamanda, dövlət qulluğuna ixtisaslı kadrların daha yaxından cəlb edilməsinə və məşğulluqda sektoral rəqabətin güclənməsinə də səbəb olacaq.

"Azərbaycan Prezidenti tərəfindən imzalanan son sənədlər dövlət qulluqçularının, dövlət qulluğunun inzibati və yardımçı vəzifələrində çalışanların, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin və eləcə də bir sıra digər dövlət qurumlarının əməkdaşlarının maaşlarına təsir göstərəcək. Bu, onların əmək haqqlarında artımlar ilə müşahidə ediləcək. Hazırda dövlət qulluqçuların sayı 27 min 360 nəfərdir. Onların 8283 nəfəri qadınlardır. Dövlət qulluqçularının ən çox çalışdığı 7-ci təsnifat üzrə inzibati vəzifələrdir: 12751 nəfər. Dövlət qulluğunun yardımçı vəzifələrində isə 6058 vətəndaşımız çalışır. Dövlət qulluqçularının ən az çalışdığı təsnifat isə 4-cüdür. Bu təsnifat üzrə cəmi 1014 vətəndaşımız çalışır. Göründüyü kimi, əmək haqqlarının təkmilləşdirilməsi dövlət qulluğunda çalışan 27360 vətəndaşımıza şamil olunacaq. Bir sıra digər dövlət qurumlarında çalışanların da maaş sistemi təkmilləşdirildiyi üçün bu islahat daha çox vətəndaşımız əhatə edəcək. Yeni sistemin üstünlüklərinə gəldikdə isə, əlavələr və mükafatların ləğvi maaşlara vahid yanaşmaya imkan verəcək. Bu eyni zamanda ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə də təsirsiz ötüşməyəcək. Digər tərəfdən, vahid əmək haqqı sistemi daha çox pensiya kapitalının toplanmasına da imkan verəcək. Əmək haqqı sisteminin təkmilləşdirilməsi bank və maliyyə məhsullarına əlçatanlığı da artıracaq", - qeyd edib.

Deputat bildirib ki, hazırda dövlət sektorunda çalışan vətəndaşlarımız sayı 861,4 min nəfərdir:

"Ölkə üzrə ən yüksək əmək haqqı mədənçıxarma sənayesindədir: 3787 manat. Ən aşağı maaş isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb. Bu sektorda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın orta aylıq əmək haqqısı 687 manatdır. Dövlət idarəetməsi, müdafiə və sosial təminatda çalışanların orta aylıq maaşı isə 1434 manatdır.

Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, dövlət qulluqçularının orta aylıq maaşı 1971 manatdır. Son islahatdan sonra bu məbləğdə xüsusi artımların olacağı gözlənilir. Bütövlükdə, Azərbaycan Prezidentinin imzaladığı son fərmanlar dövlət idarəetmə sistemində aparılan islahatların daha da dərinləşməsinə xidmət edəcək".

Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, dövlət qulluqçularının əməkhaqqlarının təkmilləşdirilməsi istiqamətində atılan addımlar mühüm önəm kəsb edir: "Bu, ilk növbədə savadlı, hazırlıqlı insanların dövlət qulluğuna cəlb etmək və onların işinə məsuliyyətlə yanaşması üçün atılan bir addımdır.

O bildirib ki, dövlət qulluğunda çalışan şəxslər mühüm vəzifələri icra edirlər:

“Bu baxımdan onların təminatı istiqamətində addımlar atılır ki, işlərinə məsuliyyətlə yanaşınlar. Beləliklə, onlar milyonların içərisindən seçilərək yüksək vəzifədə çalışmalarını hiss etsinlər. Bu şəxslər yaxşı maaşla təmin edilir ki, vəzifələrini məsuliyyətlə, şəffaf şəkildə yerinə yetirsinlər”.

Deputat söyləyib ki, hər bir dövlət qulluqçusunun fəaliyyəti cəmiyyətin gözü qarşısındadır:

“Sözsüz ki, dövlət qulluqçusu məsuliyyətli olmalı, mükafata deyil, vəzifəsini yerinə yetirməyə çalışmalıdır. Bu günə qədər bəzi dövlət qulluqçuları arasında eyni vəzifədə çalışmalarına baxmayaraq onlar arasında maaş fərqləri var idi. İndi isə bütün dövlət qulluğunda çalışanlar eyni pillədə bərabər məvacib alacaqlar. Həmçinin dövlət qulluqçusunun maaşı də cəmiyyət üçün açıq olmalıdır”.

Aydın Mirzəzadə bildirib ki, gənclərimiz də dövlət qulluğunda çalışmaq üçün can atmalıdırlar:

“Amma bunun üçün yüksək bilik, ciddi hazırlıq lazımdır. Həmçinin o, xalq, vətəndaş üçün çalışdığının fərqində olmalıdır. Bu mənada dövlət tərəfindən atılan istənilən addım açıqdır, şəffafdır. Vətəndaş da bunun fərqindədir”.

"Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin üzvü, ƏƏSMN yanında İctimai şuranın üzvü Aslan Əzimzadə hesab edir ki, yeni əmək haqqı modelinə keçid dövlət qulluğunda sosial təminatın gücləndirilməsi və rihaf səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Əmək haqqının daha sabit və davamlı əsaslar üzərində formalaşdırılması dövlət qulluqçularının gəlir dayanıqlığını artırmaqla yanaşı sosial müdafiə mexanizmlərini də möhkəmləndirir.

Bununla yanaşı yeni model dövlət qulluğunda rəqabətqabiliyyətli əmək haqqı mühitinin yaradılmasına imkan verir.

Müasir əmək bazarında biz bilirik ki, özəl sektorun daha cəlbedici imkanlar təqdim etdiyi şərait mövcuddur. Belə halda dövlət qulluğunun cəlbediciliyinin artırılması peşəkar kadrların cəlb olunması baxımından önəmlidir".

O bildirib ki, əvvəlki sistemdə əmək haqqının əsas hissəsinin əlavələr hesabına formalaşması onun strukturunun mürəkkəbləşməsinə və bir qədər qeyri-sabit xarakter almasına səbəb olurdu.

"Yeni yanaşma isə bu komponentləri vəzifə maaşına inteqrasiya etməklə əmək haqqını daha vahid və şəffaf mexanizm əsasında formalaşdırır. Təbii ki, bu dəyişiklik əmək haqqının daha proqnozlaşdırıla bilən və dayanıqlı olmasına şərait yaradır.

Eyni zamanda əmək haqqı sistemində mövcud olmuş qeyri-bərabərliyin, disproporsionallıqların aradan qaldırılması bərabər imkanların genişlənməsinə xidmət edir. Bu isə dövlət qulluğunda daha ədalətli, daha balanslı mühitin formalaşmasına gətirib çıxarır", - o qeyd edib.