BAKI, 30 sentyabr. TELEQRAF

"Azərbaycan xalqının siyasi təqvimi 3 fərqli dövrün-Cümhuriyyətin mirası, 1991-ci ildə qazanılan müstəqilliyin qürur və kədər günləri, nəhayət, 2020-ci ildə prezident İlham Əliyevin rəhbərliyi ilə müqəddəs Vətən müharibəsində qazandığımız Zəfərdən doğulan bayram günləri müasir milli tariximizin əsas sütunlardır. 5-ci ilini yaşadığımız Vətən müharibəsində parlaq Qələbə siyasi təqvimimizə də azadlıq qazandırıb. İndi ən böyük vəzifə Qələbə təqvimini formalaşdırmaqdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O qeyd edib ki, siyasi təqvim islahatı dünyada Fransız inqilabı təqvimi, Çində xalq respublikası və bayram dəyişiklikləri, Britaniya və bir çox dövlətlərin tarixində həyata keçirilib:

"Bayramların bir tarixdə birləşdirilməsi daha güclü simvolun yaradılması, xalqın idealları bir bütün kimi qəbul etməsi və milli ruhu bütövləşdirməsi deməkdir. Siyasi təqvim sadəcə günlərin ardıcıllığı deyil – o, tarixi necə kütləvi yaddaşa çevirməyi, hansı dəyərləri önə çıxarmağı və gələcəyə necə baxmağı müəyyənləşdirir.

Bəs “Zəfər Təqvimi” necə qurula bilər? Bizə görə, Müstəqillik günü Zəfərə gedən yolun başlanğıcıdır, Qurtuluş Günü daxili xaosdan xilasdır, Silahlı Qüvvələr günü Cümhuriyyətin yaratdığı orduya ehtiramdır və onların yarımçıq qalan ideallarının İlham Əliyevin ordusunun gerçəyə çevirməsidir, Zəfər günü isə ən ali mərhələyə-ümumxalq arzularına yetişməkdir, deməli, siyasi tariximizi düzgün sıralamaq və birləşdirmək gərəkdir.

Prezidentin bəyan etdiyi yeni tarixi dövrdə Zəfərdən sonrakı təqvimimizdə 17 noyabr Milli Dirçəliş, 18 oktyabr Müstəqlliyin bərpası və 20 sentyabr Suverenlik gününü vahid siyasi idealda birləşdikləri üçün onları eyni bir gündə-20 senyabrda Bütövlük və Suverenlik bayramına çevirməyi təklif edirik. Nəticədə Qələbə təqvimimiz düzgün təmələ yerləşir. Əsla hər hansı tarixi günün üzərindən xətt çəkilmir, əksinə, xalqımızın meydan mübarizəsi, müstəqilliyin elanı nəhayət, 2023-cü ilin Xankəndi Zəfəri ilə öz dolğun mənasına qovuşur. Unutmayaq ki, milli azadlıq hərəkatı təkcə imperiyalardan azad olmaq deyil, milli dövlətimizə qarşı son iki əsrlik erməni məsələsinin həlli bizə görə ən böyük müstəqillik və milli azadlıq hadisəsidir.
Ona görə də İlham Əliyevin liderliyində qazanılan milli bayramlar əvvəlki tariximizə düzən verir və məna bağlarına görə vəhdət yaradır, Zəfərin gələcəyə ötürülməsi silsiləyə çevrilir".

Deputat qeyd edib ki, xalqımız Şəhidlər xiyabanını məzarlıq və kütləvi dəfn yeri deyil, qəhrəmanlığın ünvanı, milli kimliyin pasportu sayır:

"Xiyabanlar Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin dəfn olunduğu, milli-mənəvi kimliyi təcəssüm etdirən və dövlət tərəfindən xüsusi qorunan xatirə məkanıdır.

Tətil dövründə Şəhidlər xiyabanında 3 əcnəbinin qeyri-etik davranışı, o cümlədən, illərdir bir sıra işğal partiyası təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi Şəhidlər xiyabanları haqqında xüsusi qanunun qəbulunu zəruri edir. Xiyabanların hüquqi statusunun müəyyənləşməsi, milli Qəhrəmanların dəfn olunduğu məkanlar, abidələr və memorial kompleksləri, "milli yaddaş məkanı" statusu daşıyan yerlər haqda yeni hüquqi akt Vətən Vətən müharibəsində Qələbəmizin də əbədiləşdirilməsinə töhvə olar".

Komitə sədri bildirib ki, qanun şəhidlərin xatirəsinin qorunması, ictimai davranış qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və protokolları, elektron bələdçilik və təhlükəsizlik tədbirlərini əhatə edə bilər:

"Ali Baş Komandan şəhidlərimizə Şuşa kimi müqəddəs yanaşır. Lakin təəssüflər ki, Şəhidlər xiyabanı kimi milli yaddaş məkanlarını da siyasi tribunaya çevirən, onu mitinq meydanına döndərən, hakimiyyət əleyhinə xalqın emosiyalarını və şəhidlərin xatirəsini istismar edən qüvvələr var. Halbuki şəhidlərin siyasi mübarizəyə alət edilməsi təkcə etik deyil, milli təhlükəsizlik məsələsidir.

Qanun bu məkanın toxunulmazlığını təmin etmək, milli həmrəyliyi qorumaq, etik çərçivələri və dəyərlər üzərində vəhdəti gücləndirmək üçün tam zəruridir.

Əgər Xiyabanlar haqqında qanun olsaydı, xalqın ruhən birləşdiyi məkanlar siyasi parçalanmaya alət etməzdi. Qanun xüsusi günlərdə ziyarətləri protokollaşdırmağa, milli-mənəvi yaddaşın canlı saxlamağa da kömək edərdi".