BAKI, 19 mart. TELEQRAF

Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlam Əliyev martın 19-da sərəncam imzalayıb.

Qeyd edək ki, Sahibə Qafarova 1955-ci il martın 19-da Şəmkir rayonunda anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (indiki Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. 1981- 2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb.

2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010 - 2020-ci illərdə ictimai əsaslarla) işləyib. 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb. 2010 - 2020-ci illərdə dördüncü və beşinci çağırış Milli Məclisinin deputatı olub. 2015 - 2020-ci illərdə Milli Məclisinin Ailə, qadın və uşaq komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2013 - 2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib. Milli Məclisin IV, V, VI, VII çağırış deputatı olan S.Qafarova, 2020-ci ildən Milli Məclisə sədrlik edir.