BAKI, 18 mart. TELEQRAF

"İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam".

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 18-də Suqovuşanda inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində kənd sakinlərinə evlərin açarlarını təqdim edən zaman deyib.

"Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyrü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu, necə deyərlər, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar, sülhməramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara, necə deyərlər, əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər. İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı. Bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamışınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə", - deyə prezident bildirib.