
BAKI, 18 mart. TELEQRAF
"Vətənpərvərlik ruhunda, dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik. Onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm İkinci Qarabağ müharibəsi dövründə, həm də antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər".
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 18-də Suqovuşanda inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində kənd sakinlərinə evlərin açarlarını təqdim edən zaman deyib.
Dövlət başçısı bildirib ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir:
"İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib.
Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir. Siz də - bu bölgədə yaşamış insanlar, onların davamçıları yaxşı bilirsiniz ki, düşmən işğal dövründə elə güclü istehkamlar qurmuşdu ki, onları yarmaq həm qəhrəmanlıq, həm də peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi - ilk növbədə, guya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi.
Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq.