BAKI, 18 mart. TELEQRAF

Prezident İlham Əliyev martın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, sərəncama əsasən, AMEA-nın 80 illiyinə dair tədbirlər planını işləyib, həyata keçirmək Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamda qeyd olunur: "2025-ci ildə ölkənin ali elmi təşkilatının – Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ili tamam olur.

Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir".