
BAKI, 17 mart. TELEQRAF
ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa keçirilib.
Teleqraf xəbər verir ki, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycanlıların son bir neçə əsr ərzində ata-baba yurdlarında üzləşdikləri deportasiyalar barədə məlumat verib, soydaşlarımızın geri qayıdışı prosesində gənclərin rolunun önəmindən danışıb.
Tədbirin moderatoru, Milli Məclisin Gənclər və idman komitəsinin və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayilov gənclərlə Qərbi Azərbaycan mövzusunda keçirilən görüşlərin silsilə hal aldığını, bu müzakirələrin gənclərin sözügedən mövzuda daha ətraflı məlumata malik olmasında önəmli rolu olduğunu qeyd edib.
Həmçinin Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə “Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri” mövzusunda çıxış edib. Qərbi Azərbaycandan olan şəxsiyyətlərin Azərbaycan tarixində və dövlətçiliyində rolundan bəhs edən D.Seyidzadə bu ziyalıların keçdiyi işıqlı həyat yoluna toxunub.
Ardınca Qərbi Azərbaycan mövzusunda Qərbi Azərbaycan Televiziyasının hazırladığı film nümayiş etdirilib.
ADA universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Qərbi Azərbaycan reallıqlarının çatdırılmasında universitetlərin rolundan bəhs edərək, tələbələrin bu həqiqətlərin dünyaya çatdırılması prosesində fəal olmasının vacibliyini vurğulayıb. Həmçinin o, Üzeyir Hacıbəylinin baş redaktorluğu ilə 1918-20-ci illərdə nəşr edilmiş "Azərbaycan" qəzetinin materialları latın qrafikalı əlifba ilə yenidən işıq üzü gördüyünü bildirib.
Azərbaycanın dövlətçilik tarixində İrəvan xanlığının rolu mövzusunda tarix elmləri doktoru, Güntekin Nəcəfli İrəvan xanlığının zəngin tarixindən, bölgənin həyatında oynadığı mühüm rolundan danışıb.
Tədbir sonda sual-cavab sessiyası ilə davam edib.