BAKI, 17 mart. TELEQRAF

Baş prokurorun müavini, Hərbi prokuror Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, o, prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, Xanlar Vəliyev 1955-ci il martın 15-də Yevlax şəhərində anadan olub. O, Gəncə Şəhər Prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

Azərbaycan Prezidentinin 2005-ci ildə müvafiq sərəncamı ilə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib. Həmçinin 2005-ci il iyunun 24-də ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi verilib.