
BAKI, 14 mart. TELEQRAF
"İcra hakimiyyətlərinin xeyli səlahiyyətləri əllərindən alınıb və hər kiçik məsələ üçün mərkəzi icra orqanlarına müraciət etmək lazım gəlir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev hökumətin hesabatının müzakirəsi zamanı deyib.
O bildirib ki, icra hakimiyyətləri rayonlara cavabdehdir və bütün səlahiyyətlər də onlarda olmalıdır:
"Çünki onlar operativ şəkildə işləməklə rayonları inkişaf etdirə bilməlidirlər. Bu qədər mərkəzləşmə yerlərdə inkişafa ciddi əngəl yaradır. Kimsə kənddə heyvanına tövlə tikirsə, çöl sahəsində müvəqqəti sığınacaq tikirsə, niyə icazəni Bakıdan almalı və aylarla cavab gözləməlidir? Məgər həyətinə hasar çəkənin, evinə artırma edənin, balaca bir köşk və ya sanitar qovşaq tikən belə icazəni Şəhərsalma və Arxitektura Komitəsindən alması absurd görünmürmü? Bu qaydalar vətəndaşlar arasında ciddi narazılıq yaratmaqla bərabər, bizim yerlərdə icra hakimiyyətləri və vətəndaşlarla səmərəli işləməyimizə də ciddi əngəl yaradır. Bu məsələdə mütləq şəkildə asanlaşdırmaya, yüngülləşdirməyə ehtiyac var. Rayonların inkişafını istəyiriksə, onların mərkəzdən asılılığı ciddi şəkildə azalmalıdır".