.jpg)
BAKI, 13 mart. TELEQRAF
Hazırkı geosiyasi şəraitdə Avropa İttifaqı (Aİ) qlobal iqtisadi və siyasi balansda öz mövqeyini gücləndirmək üçün yeni strateji tərəfdaşlıqlara yönəlməlidir. Dünyada baş verən proseslər göstərir ki, ənənəvi əməkdaşlıq formatları tədricən dəyişir və yeni bazarlara çıxış hər zamankından daha vacibdir.
Teleqraf xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Şarl Mişel səsləndirib.
Onun sözlərinə görə, Aİ ticarət müharibələrinin və iqtisadi təzyiqlərin təsirlərini minimuma endirmək üçün regional əməkdaşlığa daha çox önəm verməlidir.
“Ticarət müharibəsi məhz Ağ Evdə baş verənlərin məntiqi nəticəsidir. Biz ənənəvi əməkdaşlarla yanaşı, digər partnyorlarla da əlaqələri gücləndirməliyik” - deyə o vurğulayıb.
Siyasətçi bildirib ki, Aİ-nin gələcək inkişafı yeni bazarlarla qurulacaq əməkdaşlıqdan asılıdır: "Aİ olaraq, məsələn, Afrika qitəsi ölkələri, Asiya-Şərqi Asiya dövlətləri və bu qəbildən olan ölkələrlə əlaqələri artırmalıyıq. Qısacası, regional tərəfdaşlıq bizim üçün indiki dövrdə çox mühüm əhəmiyyət kəsb edir. Gələcəyimiz birbaşa olaraq bu amillərdən asılıdır”.