BAKI, 11 mart. TELEQRAF

Prezident İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” müvafiq fərmanının icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı dövlət başçısının martın 11-də imzaladığı fərmana əsasən, Azərbaycanda "Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı" genişləndirilib.

Siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib. Sədr habelə "Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na da əlavə olunub.

Həmçinin fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi xidmətlərin siyahısına "mülki aviasiya sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq sənədlərin verilməsi” əlavə edilib.