BAKI, 11 mart. TELEQRAF

Milli Məclisin deputatı Eldar İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev martın 11-də sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Eldar İbrahimov 1945-ci ildə Naxçıvanda anadan olub. O, 1982–1988-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri - Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini - Dövlət Aqrar Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini - Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışıb.

Beş çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri olub. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Bu il fevralın 3-də Milli Məclisin İntizam komissiyasının sədri seçilib. Həmçinin, o, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvüdür.