
Bakı, 10 mart. TELEQRAF
"Biz Qərbi Azərbaycanla bağlı keçirilən tədbirlərdə kəmiyyətə deyil, keyfiyyətə önəm verməliyik".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusundakı ictimai dinləmədə deyib.
Deputat bildirib ki, daxili auditoriya üçün yetərincə tədbirlər keçirilib:
"İndi isə biz beynəlxalq auditoriyaya çıxmalıyıq. Biz kəmiyyətə deyil, keyfiyyətə önəm verməliyik. Xaricdəki tədbirlərdə elə təqdimatlar etməliyik ki, onlar üçün maraqlı olmalıdır. Xarici dildə fəaliyyət göstərən elektron KİV-lərə də maliyyə ayırmalıyıq. QHT-lər xalq diplomatiyasının ruporu kimi çıxış etməlidirlər. Ermənistanda şovinist olmayan QHT-lərlə də əlaqələr qurmaq olar. Ermənistan cəmiyyətinə çatdırmalıyıq ki, məqsədimiz ərazi iddiası deyil. Başa salmalıyıq ki, əsas amalımız orada yaşamaq, müqəddəs yerlərimizi ziyarət etmək, məscidlərimizi bərpa etməkdir".