
BAKI, 8 mart. TELEQRAF
Avropa İnkişaf və Araşdırmalar Akademiyası (EDARA), ICESCO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Dialoqun və qarşılıqlı anlaşmanın təşviqi: Multikulturalizm modelləri müasir multikultural dünyamızda siyasət kimi” mövzusunda panel müzakirəsi təşkil olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, panel müzakirəsi “İslam dünyası 2025-ci il Avropada və Belçika Krallığında’’ Brüsseldə keçirilən beynəlxalq dinlərarası konfrans çərçivəsində gerçəkləşib.
EDARA-nın təsisçisi və icraçı direktoru Brahim Laytossun moderatorluğu ilə keçən panel iclasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı diretoru Rəvan Həsənov Azərbaycan multikuıturualizm modelindən, mənədniyyətlərarası, dinlərarası və millətlərası münasibətlərdə dünya üçün mühüm əhəmiyyət kəsb edən “Bakı Prosesi”ndən danışıb.
O bildirib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və etnik azlıqların dinc yanaşı yaşadığı bir məkan olub. Azərbaycanın multikulturalizm siyasəti də bu tarixi ənənəyə əsaslanır. O vurğulayıb ki, bu siyasət təkcə daxili stabillik üçün deyil, həm də qlobal səviyyədə mədəni müxtəlifliyin qorunması və qarşılıqlı hörmətin gücləndirilməsi üçün əhəmiyyətlidir.
Diqqətə çatdırıb ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi”nin məqsədi müxtəlif mədəniyyətlər, dinlər və millətlər arasında sülh və qarşılıqlı anlaşmanı təşviq etməkdir. Bu unikal platforma BMT, UNESCO, ICESCO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir və dünya miqyasında dialoq mühitinin formalaşmasına töhfə verir.
O, BBMM-in multikulturalizm ənənələrinin və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində gördüyü işlərdən də bəhs edib. Bildirib ki, Mərkəz Azərbaycanın multikulturalizm modelini beynəlxalq səviyyədə nümunə kimi təqdim edən əsas institutlardan biri olaraq, müxtəlif mədəniyyətlər arasında anlaşma və sülhü gücləndirmək üçün mühüm rol oynayır. Mərkəzin həyata keçirdiyi beynəlxalq tədbirlər dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət rəsmilərini, akademikləri və ictimai xadimləri bir araya gətirərək beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı üçün platforma yaradır. Mərkəz, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək müasir dünyada multikulturalizmin əhəmiyyətini ön plana çıxarmağa çalışır, mədəni müxtəlifliyin qorunmasına və multikultural dəyərlərin inkişafına töhfə verir.