BAKI, 7 mart. TELEQRAF

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qanunvericiliklə tənzimlənəcək.

Teleqraf xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, qanuna “Azərbaycan işarət dili” anlayışı və əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququnun təmin olunması məqsədilə “Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması” məzmununda yeni maddə əlavə olunacaq.

Belə ki, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verəcək. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınacaq.

Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edəcəklər.

Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirəcəklər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.