
BAKI, 7 mart. TELEQRAF
Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə görə cərimələr artırılır.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1 200 manatadək məbləğdə cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 603.1-ci və 603.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 800 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, vəzifəli şəxslər 100 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.