BAKI, 7 mart. TELEQRAF
"Azərbaycanda jurnalistlər media fəaliyyətinə görə deyil, kənardan qeyri-şəffaf maliyyələşmə, xarici dövlətlərin məxfi siyasi layihələrində təsir agentlərinə çevrildiklərinə görə məsuliyyət daşıyırlar".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən plenar iclasda Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, "AbzasMedia" layihəsi KİV deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır:
"BBC, “Amerikanın Səsi” və digər media subyektləri, eləcə də UNDP və ya Rus evi kimi mədəni-humanitar çətir altında çalışan təşkilatlarla bağlı dövlətimizin seçdiyi prinsip beynəlxalq qanunlara və milli ləyaqət prinsiplərinə tamamilə uyğundur. Belə ki, ölkəmiz simmetrik münasibət tələb edir, əks halda, məhdudlaşdırma tədbirlərinə qərar verilir. Yəni, bizə göstərilən münasibət təkrarlanır.
HRW, "Freedom House" və digər təşkilatlar son 4 ildə bir zəngilanlının, şuşalının azad torpaqlara qayıdışına, o cümlədən, mina terroruna hesabat həsr etməyiblər. İnsan hüquqlarının selektiv tətbiqi-özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi aparanların inhisarında olan sahəyə çevrilmişdi. Artıq hüquq monopolistlərinin hakimiyyəti iflasa uğrayır. BMT-nin bir sıra qurumlarının yerli ofislərinin, həmçinin, Qırmızı Xaç Cəmiyyətinin 90-cı illərlə müqayisədə Vətən müharibəsində və ondan sonrakı fəaliyyəti nizamnamə tələblərinə uyğun olmayıb, anti-Azərbaycan planlarına xidmət edirdi. İtkin düşən şəxslərlə bağlı artıq yeni beynəlxalq qurum Bakıdadır və xaçsız humanist məqsədlərə xidmət edəcək".