BAKI, 6 mart. TELEQRAF

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Teleqraf-a DSX-dan məlumat verilib.

Qeyd olunub ki, fevral sonlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 5 (beş) nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Belə ki, fevral ayının 19-da sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Nurəddin oğlu 10 kiloqram 600 qram narkotik vasitəni (8 kiloqram 600 qram marixuana, 2 kiloqram metamfetamin) ölkə ərazisinə keçirməyə cəhd göstərib.

Eləcə də fevral ayının 26-da saat 20:40-da isə ümumi çəkisi 22 kiloqram narkotik vasitə marixuananı Azərbaycan ərazisinə keçirməyə cəhd göstərən İmişli rayon sakini 2001-ci il təvəllüdlü Qarayev Əhəd Əlibala oğlu, Beyləqan rayon sakini 2003-cü il təvəllüdlü Məmmədli Nəcməddin Rasim oğlu, Şəki rayon sakinləri 1973-cü il təvəllüdlü Məmişov Elçin Eldar oğlu və 1973-cü il təvəllüdlü Muradov Mehman Mahir oğlu saxlanılıb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.