
BAKI, 3 mart. TELEQRAF
“Özünüməşğulluğun təşkili Qaydası”nda özünüməşğulluğa cəlb edilən şəxsin aktivlərlə təmin olunmasına dair müddətlər müəyyən edilmədiyindən həmin şəxslərin müvafiq əmlakla təmin olunması bəzən bir ildən artıq müddətə uzanır.
Teleqraf xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Bildirilib ki, özünüməşğulluğa cəlb olunma barədə qərarın qəbul edilməsi səbəbindən həmin müddət ərzində bu şəxslərin məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi imkanları da məhdudlaşdırılmış olur:
"Qeyd edilənləri nəzərə alaraq, “Özünüməşğulluğun təşkili Qaydası”nda şəxsin özünüməşğulluğa cəlb olunması barədə qərarın qəbul edilməsi ilə şəxsin müvafiq aktivlərlə təmin olunması arasında ümumi müddətin müəyyən edilməsi zəruridir. Bununla belə, həmin müddətlərin müəyyən edilməsi hər hansı səbəbdən mümkün olmadıqda, özünüməşğulluğa cəlb olunmuş şəxsin aktivlərlə təmin olunması müddətinədək məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, bununla əlaqədar qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi vacibdir".
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.