
BAKI, 3 mart. TELEQRAF
Vəkilə hər iş saatı üçün ödənilən məbləğin artırılması təklif olunur.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Sənəddə qeyd olunur ki, Konstitusiyanın 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təsbit edir. Həmin maddəyə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Eyni zamanda, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
Məruzədə bildirilib ki, cinayət mühakimə icraatı zamanı dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulan məbləğin azlığı göstərilən hüquqi yardımın keyfiyyətinə mənfi təsir göstərir.
Qanunvericiliyə əsasən, Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqq 6 manat məbləğində müəyyən edilib.
Qeyd olunub ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmini məqsədilə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən məbləğin artırılması təklif olunur. Bununla yanaşı, cinayət mühakimə icraatı zamanı görülən işin müqabilində tərcüməçiyə, mütəxəssisə və ya ekspertə hər iş saatı üçün nəzərdə tutulmuş məbləğə (0,35 manat) yenidən baxılması da məqsədəmüvafiq hesab olunur.
Qeyd edilənlər baxımından, hüquq mühafizə orqanları əməkdaşları arasında maarifləndirmə işinin gücləndirilməsinə, o cümlədən şəxsi heyətin milli qanunvericiliklə yanaşı, beynəlxalq təşkilatların müvafiq standart, təlimat və tövsiyələri ilə tanışlıq səviyyəsinin artırılmasına ehtiyac var.
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.