
BAKI, 28 fevral. TELEQRAF
"Ədliyyə Nazirliyinin bələdiyyələrə verdiyi tövsiyələrin əsas məqsədi ilkin iclasların keçirilməsi, protokolların tərtib edilməsi, orqanın icra aparatının formalaşdırılması, həmçinin bu kimi digər məsələlərlə bağlı bələdiyyələrə və üzvlərə qanunvericiliyin tələbləri izah olunmaqla metodoloji köməkliyin göstərilməsidir".
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tövsiyələr arasında yerli özünüidarə ilə bağlı qanunvericiliyə edilən yeni dəyişikliklər, bundan başqa, tələblərə riayət edilməsi, maliyyə intizamı, şəffaflıq, korrupsiyaya qarşı mübarizə, vətəndaş müraciətlərinə baxılması və digər məsələlər yer alıb.
Nazirliyin məlumatına görə, bələdiyyəyə üzv və qulluqçularının maarifləndirilməsi məqsədilə göndərilən tövsiyələr məcburi xarakter daşımır və buna görə də qanunvericilikdə birbaşa məsuliyyət nəzərdə tutulmayıb:
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə bağlı inzibati nəzarət orqanı tərəfindən müxtəlif tədbirlər görülür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olunarsa, buna görə məsuliyyət nəzərdə tutulub. Həmçinin inzibati nəzarət icraatı zamanı bələdiyyənin (yaxud vəzifəli şəxslərin) fəaliyyətində cinayət əlamətləri aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün səlahiyyətli dövlət qurumuna (istintaq orqanına) müraciət edilir. O da qeyd olunmalıdır ki, Konstitusiyasının 146-cı maddəsinə əsasən, bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər. Qanunvericiliyin tələblərinə uyğun Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumdur”.
Vurğulanıb ki, “Bələdiyyələrin statusu haqqında” qanununun 49-1-ci maddəsinin tələblərinə görə, Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi istiqamətində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür:
“Bu çərçivədə nazirlik tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi biliklərinin artırılması məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. Eyni zamanda, bələdiyyələrə fəaliyyətlərinin qanunvericiliyə uyğun təşkil edilməsində köməklik göstərilməsi üçün müxtəlif aktual məsələləri əhatə edən tövsiyələr hazırlanaraq göndərilir”.
Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da növbəti bələdiyyə seçkiləri keçirilib. Ədliyyə Nazirliyi yeni bələdiyyələr üçün tövsiyələr hazırlayıb. Qurumun “Bələdiyyələrlə iş” informasiya sisteminə daxil olaraq tövsiyə ilə tanış olmaq mümkündür.