
BAKI, 28 fevral. TELEQRAF
Milli Məclisin sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının, 4 Komitəsinin iclasları və Plenar sessiyası, başqa sözlə APA-nın Sammiti keçirildi. APA-nın təşkilat kimi gücləndirilməsi ilə bağlı institusional sahədə ciddi uğurlar əldə edildi. APA-nın sıraları genişləndi. Təşkilatın maliyyələşdirilməsi ilə bağlı 15 ildən artıq gedən diskussiyalara son qoyuldu, vahid bir ödəniş formulası razılaşdırıldı. Milli Məclisin parlament diplomatiyası Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində öz mövqeyini ortaya qoydu.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev jurnalistlərə açıqlamasında deyib.
Deputat bildirib ki, digər vacib bir məqam,əhali nisbətindən, təmsil olunduğu deputat sayından asılı olmayaraq, bütün üzv dövlətlərin bir səslə təmsil olunmasının razılaşdırılmasıdır:
“Sədrlik 2026-cı ildən Bəhreynə keçdi, Bəhreynin parlament sədri Bakıda iştirak etdi, çox məzmunlu bir çıxış etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bu günlərdə Bəhreyn krallığı oldu, həm Kral, həm də Baş nazir tərəfindən qəbul olundu. Ətraf mühitlə bağlı layihə təqdim olundu. Çoxqütblü dünya düzəninin formalaşmasında Asiya dövlətləri malik olduğu siyasi və iqtisadi çəkiyə, insan faktoruna görə mühüm funksiyaya malikdirlər. Resurslarla yanaşı, risklər və çağırışlar da var. Məhz bu çağırışlarla mübarizədə əməkdaşlıq, burada parlamentlərin və parlamentlərarası təşkilatların rolu barədə müzakirələr aparıldı.
Hazırkı qlobal çağırışların həlli beynəlxalq siyasətin əsas sütunu kimi multilaterizminin təşviqini tələb edir. Bu kontekstdə milli parlamentlər və parlamentlərarası təsisatları ünsiyyət və əməkdaşlıq üçün yeni imkanlar təklif edir. Nəticədə, parlament assambleyaları qlobal və regional miqyasda problemlərin həllində əsas aktorlardan birinə çevrilib. Başqa sözlə parlament diplomatiyası vacib rol oynayır”.