BAKI, 27 fevral. TELEQRAF

"Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin. Əminəm ki, beləliklə, biz ümumi məxrəcə gəlib çıxacağıq. Çünki biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq".

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo ilə mətbuata birgə bəyanatlarla çıxış zamanı deyib.

"Əlbəttə, biz məmnun olardıq ki, konkret layihələr fürsətlərini nəzərdən keçirək. Biz, həmçinin hesab edirik ki, bu, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradır. Cənab Prezident Azərbaycanın hərbi hissələrinin birində olacaq və ona, o cümlədən müdafiə sənayesi haqqında təqdimat ediləcək. Bu ola bilsin ki, bizim dostlarımız üçün maraqlı olsun.

Bir sözlə, gündəlik genişdir, ən vacibi isə odur ki, bizim dost, qardaş münasibətlərimiz var, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik və biz konkret layihələri icra etməliyik. Çünki siyasi münasibətlər bunun üçün bir platforma kimi xidmət edir".