BAKI, 27 fevral. TELEQRAF

"Danılmaz faktdır ki, ötən illər ərzində rəhbərliyinizlə Ədalət və İnkişaf Partiyasının öz prinsip və amallarına daim sadiq qalaraq atdığı addımlar sayəsində ölkənizin dövlətçiliyi daha da möhkəmlənmiş, sarsılmaz xalq-iqtidar birliyi formalaşmış, eləcə də Türkiyə qlobal güc mərkəzinə – dünyanın ən aparıcı və qüdrətli dövlətlərindən birinə çevrilmişdir".

Teleqraf xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda yer alıb.

"Təsadüfi deyil ki, Siz bütün Türk dünyasında öz Vətənini, xalqını sevən müdrik və qətiyyətli lider kimi tanınır və sevilirsiniz. Dost və qardaş Azərbaycanda da Sizin uğurlarınız böyük fərəh hissi ilə qarşılanır və daim təqdir olunur.

Bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir. Əminəm ki, bu sarsılmaz bağlar birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bundan sonra da daim möhkəmlənəcəkdir", - deyə məktubda qeyd olunub.