Bakı, 13 fevral. TELEQRAF

"Bu gün dünya miqyasında ən yaxın müttəfiqlər arasında belə Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur".

Teleqraf xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən deyib.

İkitərəfli əsasda strateji müttəfiqlik səviyyəsində olan əlaqələrimizin üçtərəfli platformalarda da inkişaf etdiyini söyləyən dövlət başçısı bu xüsusda, Azərbaycan-Özbəkistan-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini qeyd edib.

Türk dünyasının bizim ailəmiz olduğunu vurğulayan dövlət başçısı bunu Milli Məclisdə Azərbaycan Prezidenti kimi andiçmə mərasimində bir daha dediyini xatırladıb.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığa toxunuldu, bu xüsusda ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyü və üzvlüyümüzün qardaş Türkiyə tərəfindən dəstəklənməsi bir daha vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır. Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib.

Vurğulanıb ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır.