BAKI, 11 fevral. TELEQRAF

"Tarixi Azərbaycan şəhərindəki maddi irs abidəmiz olan Təpəbaşı məscidində içki istehlak edilməsi bütünlükdə İslam aləminə hörmətsizlikdir. Ermənistan maddi – mədəni irsimizə hörmətlə yanaşmalı, dağdılmasına yol verməməli idi".

Teleqraf xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ülviyyə Zülfiqar deyib.

"Nəinki bu məqamlara diqqət ayrılmayıb, üstəlik qərbi azərbaycanlılara məxsus tarixi Təpəbaşı məscidi spirtli içki istehlak edilən məkana çevrilib. Ermənistanda Təpəbaşı məscidi də daxil olmaqla Qərbi azərbaycanlılara məxsus 300-dən çox məscid dağıdılmış vəziyyətdədir, 600-ə yaxın qəbristanlıq isə yerlə yeksan edilib. Hələ dağıdılmamış Göy Məscid isə başqa millətə məxsus kimi təqdim edilir.

Ermənistan qərbi azərbaycanlılara məxsus abidələrə qarşı bu kimi davranışlarına son verməli, beynəlxalq ictimaiyyət, ümumbəşəri dini qurumlar bu vəziyyətə səssiz qalmamalı, UNESCO, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar və xüsusilə Roma Papası həssaslıq göstərməlidirlər", - deyə açıqlamada qeyd olunub.