BAKI, 9 fevral. TELEQRAF

Rəsmi Bakı Azərbaycana qarşı şərh, böhtan, təhqir və hədə kampaniyasının birbaşa Kremldən idarə olunduğunu çox gözəl bilir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyasının (AzTV) sədri Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının fevralın 9-da efirə gedən buraxılışında bildirilib.

Verilişdə "Azərbaycan Hava Yolları"na məxsus “Embraer-190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan araşdırmaya dair ilkin hesabata toxunulub:

"Birincisi, “Embraer-190” sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tamamilə yararlı vəziyyətdə olub.

İkincisi, hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb.

Üçüncüsü, təyyarə Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib.

Dördüncüsü, hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində 2-ci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barədə qərar verib və bu zaman Qroznı üzərində 24 saniyə aralıqla 2 dəfə kənar səsin gəlmə faktı qeydə alınıb.

Beşincisi, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirib.

Daha sonra, araşdırma prosesi müəyyənləşdirib ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələr var. Zədələr təyyarə füzelyajının arxa hissəsində, xüsusilə, şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Ən vacibi isə odur ki, zədələrin məhz kənar obyektlərin təsiri nəticəsində formalaşdığı dəqiqləşib. Yəni Rusiya tərəfinin uydurduğu “təyyarə quşlarla toqquşub” kimi nağıllar öz təsdiqini tapmayıb. Hadisə məhz cinayət xarakterlidir və bunu sübut edən əhəmiyyətli detallardan biri də odur ki, saat 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, saat 05:21:42-də, təxminən 8 dəqiqə sonra, əlaqələndirici dispetçer “Kovyor” əməliyyatı barədə Qroznıya məlumat verir. Başqa sözlə, təyyarənin atəşə tutulması “Kovyor” əməliyyatından öncəyə təsadüf edir ki, bu da Rusiyanın aidiyyati strukturlarının məsuliyyətsiz davrandıqlarını tam şəkildə təsdiqləyir".

Dövlət televiziyasının efirindən elan olunub ki, Azərbaycan tərəfinin günahkarları cəzalandırmaq, şəffaflıq və insani davranış tələb etmək üçün tam haqqı var: "Üstəlik, araşdırmalar da hələ davam edir və biz hələ ki, ilkin hesabatları almışıq. Çikaqo Konvensiyasına əsasən, 1 il ərzində yekun hesabat da hazırlanmalıdır. Amma və lakin... Düşünürük ki, elə ilkin hesabatlar da Rusiya tərəfinin Azərbaycan xalqından üzr istəməsi, kompensasiya ödəməsi, bir sözlə, üzərinə düşən məsuliyyəti yerinə yetirməsi üçün kifayət qədər əsas yaradır".

R.Məmmədov müəllifi olduğu "Həftə" verilişində vurğulayıb ki, əvəzində isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyir ki, Rusiyanın müvafiq qurumları ilkin hesabatı diqqətlə öyrənəcək: "Üstəlik, Rusiya mediası da boş oturmur... Aqressiv davranış, nifrət, hədə, hətta təhqirlər... Və təbii ki, rəsmi Bakı bütün bu kampaniyanın birbaşa Kremldən idarə olunduğunu çox gözəl bilir. Zatən birinci dəfə deyil ki... Elə 44 günlük Vətən müharibəsində Rusiya mediasının “canfəşanlığını”, dezinformasiyalar tirajlamaqla Azərbaycan əleyhinə necə mübarizə apardıqlarını, əksinə, işğalçı Ermənistana necə haqq qazandırmağa çalışdıqlarını, studiyaya 6-7 erməni və cəmi 1 azərbaycanlı ekspert dəvət etməklə yenə də dırnaqarası balans qorumağa çalışdıqlarını, ermənilər söz tapmağa çətinlik çəkdikdə isə rusiyalı aparıcıların yuyulmamış çömçə kimi necə özlərini ortaya atmaqla ünvanımıza tənqid, təhqir, hədələr yağdırdıqların, konkret Vladimir Solovyovu, Artyom Şeynini, Olqa Skabeyevanı və digərlərini gördük. Bir sözlə, heç nə dəyişməyib. İndi də, göz görə - görə, ortada bu qədər fakt ola – ola Rusiya mediası iddia edir ki, təyyarəyə dəyən qəlpələr “Pantsir” raketinə aid deyil. Hörmətli Rusiya başbilənləri, yaxud bu başbilənlərin əlaltısı olan Rusiya mediası, bir şeyi anlayın və nəhayət, qəbul edin ki, təyyarənin vurulması hadisəsi məhz Rusiya ərazisində olub və məhz ona görə də bu cinayətin məsuliyyəti Rusiyanın üzərinə düşür. Odur ki, məhz Rusiya da baş verənlərə görə cavab verməlidir. Vəssəlam...

Lakin görünən odur ki, Rusiya tərəfi üzərinə düşən məsuliyyəti dərk etmək əvəzinə gah medianın dili ilə Azərbaycanı hədələyir, gah səfirimizi Xarici İşlər Nazirliyinə çağırır, gah öz ərazisində yaşayan azərbaycanlıları ən müxtəlif yollarla incidir və onların fəaliyyətinə qadağalar qoyur... Necə deyərlər, bir qədər gərginlik yaranan kimi ənənəvi metodlar işə salınır. Olsun... Amma onu da unutmayın ki, hər addımın iki başı olur. Rusiya hansı addımlar atacaqsa, Azərbaycanın da cavabı adekvat olacaq. Necə ki, Rusiya səfəri də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı, Azərbaycanda qeyri – qanuni fəaliyyət göstərən “Rus evi”nin fəaliyyətinə xitam verildi və bu barədə də Rusiya tərəfinə nota göndərildi. Davamı nə olacaq? Bunu Kremldə düşünsələr daha yaxşı olar. Lakin görürük ki, düşünmək əvəzinə şimal qonşumuz Valuyev kimi antropoloji quruluşu müəyyən suallar doğuran adamlarını işə salıb ünvanımıza təhqirlər yağdırır".

Verilişdə Rusiya siyasətçilərinin Azərbaycanla bağlı təhqir və hədələrinə də cavab verilib:

"Təhqirə sizin yox, bizim haqqımız var. Bizsə təhqir etmirik, haqqımız olanı tələb edirik. Və nə qədər ki, bu haqq verilməyəcək Azərbaycanla Rusiya arasında münasibətlərin normal məcraya düşəcəyini unudun. Kimin bundan daha çox ziyana düşəcəyini isə yalnız bir faktla müəyyən etmək olar. 2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4.8 mlrd. ABŞ dolları təşkil edib. Bu, Azərbayanın ümumi ticarət dövriyyəsinin cəmi 10 faizini təşkil edir. İki ölkə arasında ticarət dövriyyəsinin 75 faizini isə Rusiyanın Azərbaycana ixracı təşkil edir. Biz rəqəmi səsləndirdik. Gerisini özünüz düşünün.