BAKI, 7 fevral. TELEQRAF
Eritreya dövləti ərazisində saxlanılmış gəmilərin yoxlama prosesi hələ də davam etdirilir. Bu prosesin sürətləndirilməsi və yoxlamanın mümkün ən qısa vaxtda sonlandırılaraq gəmilərin sərbəst buraxılmasının təmin edilməsi üçün “Caspian Marine Services B.V.” şirkəti Eritreya dövlətinin müvafiq qurumları ilə işə cəlb olunmuş hüquq şirkətləri, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (səfirliklər və konsulluqlar cəlb olunmaqla) və Dövlət Dəniz və Liman Agentliyi vasitəsilə əlaqələrini davam etdirməkdədir.
Teleqraf xəbər verir ki, bu barədə "Caspian Marine Services B.V" şirkəti məlumat yayıb:
"Belə ki, aparılan danışıqların nəticəsi olaraq, gəmilər daha geniş əraziyə malik limana gətirilmiş və gəmi heyəti gəmidən düşərək sərbəst gəzinti zonalarında vaxt keçirmək imkanları ilə təmin edilmişdir. Təəssüf ki, rabitə və kommunikasiya problemi öz həlini tapmasa da, şirkətimizi təmsil edən hüquq şirkətinin nümayəndəsi gəmi heyətinin vəziyyəti ilə gündəlik olaraq maraqlanır, onların tələbatlarının qarşılanmasını, xüsusən və ərzaq təchizatının vaxtında və tam həcmdə təmin olunmasına köməklik edir.
Eritreya dövlətinin rəsmilərindən alınan son məlumata əsasən, gəmilərin tezliklə buraxılmasının təmin edilməsi üçün müvafiq sənədləşmə prosesi artıq bitmək üzrədir və ən qısa vaxtda gəmilərin və heyət üzvlərinin sərbəst buraxılmaları təmin ediləcəkdir. Aparılan araşdırmanın hansı səbəbdən bu qədər uzun çəkməsinin səbəbi kimi, Eritreya dövlət orqanları tərəfindən bildirilmişdir ki, bu cür proseslərin aparılması qaydaları, o cümlədən də, müddət və digər xüsusiyyətlər, dövlətin daxili qanunveriliciyi ilə tənzimlənir və araşdırmanın 3 ayadək uzanması Eritreya qanunvericiliyinə əsasən tam normal bir praktikadır.
Eritreya dövlət orqanlarından və həmin ölkədə şirkətimizin səlahiyyətli nümayəndəsindən alınan məlumata əsasən, hazırda Eritreya dövlətinə məxsus Assab limanında olan 18 Azərbaycan vətəndaşının sağlamlıq durumu normaldır, saxlanılma şəraitlərindən narazılıq yoxdur.
Son olaraq, bir daha vurğulamaq istərdik ki, şirkətimiz məsələnin həlli ilə bağlı daim Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə əlaqədədir və bütün cəlb olunmuş tərəflər öz fəaliyyət sahələrinə uyğun olaraq zəruri olan hərəkətləri davam etdirməkdədir. Görülmüş işlər üzrə dövlət orqanları tərəfindən vaxtaşırı ictimaiyyətə açıqlamalar verilir".